Noyabrın 1-də Heydər Əliyev Mərkəzində tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) “Təbiətdə tarazlıq” sərgisinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərginin Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil olunması təsadüfi deyil. Belə ki, “Təbiətdə tarazlıq” (“Equilibrium in Nature”) ekspozisiyası ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə yönəldir.
Bakı sərgisinin konsepsiyasının əsasını ətraf mühitin dərk olunması, təbiətə qayğı ideyası təşkil edir.
Açılış mərasimindən əvvəl italyan heykəltaraş Lorenso Kuinn jurnalistlərə açıqlamasında burada olmaqdan çox şad olduğunu bildirərək deyib: “İnanılmaz məkanda bu heyrətamiz sərgini təşkil etmək məni çox həyəcanlandırır. Təbii ki, uzun illərdir bu məkanı izləmişdim və bir gün burada öz sərgimi təşkil edəcəyimə inanırdım. Xəyallar gerçəkləşdi. Həmçinin çox şadam ki, sərgim COP29 ilə üst-üstə düşür, çünki mənim sənət əsərlərimin hər biri özlüyündə bir universal mesajdır. Bu mesaj sevgini, sülhü və davamlılığı tərənnüm etdirir”.
Sərginin açılışında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, rəsmi qonaqlar, diplomatlar, tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.
Açılış mərasimində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov qısa müddət ərzində öz sərgisinin Azərbaycanda keçirilməsi üçün göstərdiyi dəstəyə görə Lorenso Kuinnə təşəkkürünü bildirib. O, Heydər Əliyev Mərkəzində cari il ərzində bir neçə italyan heykəltaraş və rəssamın təqdimatlarının keçirildiyini bildirib, hazırkı sərgidə çox gözəl heykəltaraşlıq nümunələrinin nümayiş olunduğunu deyib.