MÜNAQİŞƏNİN SONA ÇATMASI
Ermənistanın 30 ilə yaxın Azərbaycana qarşı təcavüzkar siyasəti, münaqişənin həlli ilə bağlı qeyri-konstruktiv mövqeyi problemin sülh yolu ilə həlli imkanlarını yox səviyyəsinə endirmişdir.
Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsini hər vəchlə əngəlləyib, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışıb və Azərbaycan ərazilərinin işğal faktını davam etdirməklə, müharibə məqsədlərinə nail olmağı düşünüb.
Son bir neçə ildə Ermənistanın rəhbərliyi təcavüzkar siyasətə daha da rəvac verməklə danışıqlar prosesini kökündən baltaladı. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqların mahiyyət və məzmununa zidd bəyanatlarla çıxış edən Ermənistan rəhbərliyinin formatın dəyişdirilməsi, danışıqlara separatçı rejimin cəlb olunması kimi qəbulolunmaz təkliflərlə çıxış etməsi bütövlükdə danışıqlar prosesinin gələcəyini sual altında qoydu. Daha sonra onun “Qarabağ Ermənistandır” deməsi, Azərbaycanın qarşısında qoyduğu 7 şərt, "Yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını irəli sürməsi, Şuşada separatçı rejimin andiçmə mərasiminin keçirilməsi, 2020-ci ilin iyulunda dövlət sərhədinin Tovuz rayonu istiqamətində pozulması, işğal olunmuş ərazilərimizdə Livan ermənilərinin yerləşdirilməsi göstərdi ki, bundan sonra sülh danışıqları aparmağın faydası yoxdur.
Ermənistanın avqust ayında Goranboy istiqamətində törətmək istədiyi diversiya, könüllü hərbi birliklərin yaradılmasına başlaması isə yeni müharibəni tamamilə labüd etmişdi.
2020-ci il sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları ilə başlayan və buna cavab olaraq Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Azərbaycan üçün yeni bir tarix yazıldı.
Erməni Silahlı Qüvvələrinin təmas xəttində törətdiyi növbəti təxribatdan sonra Prezident İlham Əliyevin etdiyi xəbərdarlığa uyğun olaraq Azərbaycan hərbi yolla düşməni cəzalandırmağa başladı.
Davam edən sürətli əks-hücum əməliyyatı zamanı bir sıra strateji yüksəkliklər, Tərtərin Suqovuşan qəsəbəsi və Talış kəndi, Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Füzuli rayonu, Zəngilan rayonu, Qubadlı rayonu, nəhayət Şuşa şəhəri işğaldan azad edildi.
44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu.
Cəmi 44 gün davam edən Vətən müharibəsi nəinki ərazilərimizin azad edilməsinə, eyni zamanda, işğalçılığa son qoyulmasına, eləcə də 30 ilə yaxın davam edən münaqişənin həllinə gətirib çıxardı.
Azərbaycanın döyüş meydanındakı böyük qələbəsi, sülhə təhriketmə əməliyyatı Ermənistanın hərbi-siyasi rəhbərliyini təslim olmağa vadar etdi. Bunun məntiqi nəticəsi olaraq Ermənistan Baş naziri 10 noyabr bəyanatını imzalamaq məcburiyyətində qaldı. Bu bəyanat Azərbaycan üçün qələbə, Ermənistan üçün isə məğlubiyyət, kapitulyasiya aktı oldu.
10 Noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış üçtərəfli Bəyanat ilə münaqişə tərəfləri arasında atəşkəs elan edildi.
10 Noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən tam bir atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan olundu.
Bəyanatda deyilir:
Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:
1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası tutduqları mövqelərdə qalacaqlar.
2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.
3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır.
5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.
6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.
Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.
8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.
9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.
Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.
Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.
|