|
Ümumi məlumat
Azərbaycan Respublikası Cənubi Qafqazın şərqində, Xəzər dənizinin cənub-qərb sahilində, 38°24' və 41°54' şimal enlikləri, 44°46' və 50°50' şərq uzunluqları arasında yerləşir. Ərazisi 86,6 min kv.km-dir. Ərazisinin uzunluğu qərbdən şərqə 450 km, şimal-qərbdən cənub-şərqə 440 km-dir. Azərbaycan Respublikası şimalda Rusiya Federasiyası, şimal-qərbdə Gürcüstan,
qərbdə və cənub-qərbdə Ermənistan Respublikası və Türkiyə, cənubda İran İslam Respublikası ilə həmsərhəddir. Respublikanın quru sərhədlərinin uzunluğu 2647 km, su sərhədlərinin uzunluğu 816 km-dir.
Azərbaycan Respublikası ərazisinin təqribən yarısı dağlıqdır. Şimalda Böyük Qafqaz, cənubda Kiçik Qafqaz dağları və onların arasında Kür çökəkliyi,
cənub-şərqdə Talış dağları uzanır. Ölkənin ərazisi faydalı qazıntılarla – neft, qaz, polimetal, dəmir filizi, alüminium, kobalt, mineral sular və s. ilə zəngindir.
Dünyada mövcud olan 11 iqlim tipindən 8-i Azərbaycan Respublikasında müşahidə olunur. Respublika ərazisi sıx çay şəbəkəsinə, zəngin torpaq-bitki örtüyü və heyvanat aləminə malikdir.
Respublikada 70 şəhər, 239 qəsəbə, 4279 kənd var (2006). Azərbaycan Respublikasının tərkibinə Naxçıvan MR daxildir. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir.
2020-ci il yanvar ayının 1-nə ölkə əhalisinin sayı ilin əvvəlinə nəzərən 53894 nəfər, yaxud 0,5 faiz artaraq, 10 035 351 nəfərə çatıb. Ölkənin əsas əhalisini – 90,6 faizini azərbaycanlılar təşkil edir (1999).
Respublikada ləzgilər, ruslar, talışlar, yəhudilər və başqa millətlərin nümayəndələri də yaşayır.
Azərbaycanda ilk respublika Azərbaycan Xalq Cümhuriyyəti adı ilə 1918-ci il mayın 28-də yaradılmış və 23 ay fəaliyyət göstərmişdir.
1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulmuş və 1991-ci ildə SSRİ dağılanadək davam etmişdir. 1991-ci il oktyabrın 18-də
Milli Məclisdə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuş və Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilmişdir.
1995-ci il 12 noyabrda ümumxalq referendumunda Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi, icra hakimiyyətini Azərbaycan Respublikasının Prezidenti, məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
Azərbaycan prezidentli respublikadır. Beş il müddətinə seçilən Prezident ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. O, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır.
Azərbaycanın siyasi sistemində yerli özünü idarətmə orqanları olan bələdiyyələr də mühüm yer tutur. Yerli özünüidarəni həyata keçirən bələdiyyələr seçkilər əsasında yaradılır. Bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsinə, dövlət hakimiyyəti orqanlarının qərarları nəticəsində yaranan əlavə xərclərinin ödənilməsinə təminat verilir.
Azərbaycan Respublikasının tərkibinə Naxçıvan MR daxildir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar Respublikasının ərazisində məcburidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına; Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının tə`min edilməsi Azərbaycan dövlətinin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır, mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.
Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Azərbaycan Respublikasının Konstitusiyası ölkə vətəndaşlarının vicdan azadlığına təminat verir.
Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Eyni zamanda Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.
Azərbaycan Respublikasının milli pul vahidi manatdır.
1991-ci ildə dövlət istiqlaliyyətini bərpa etdikdən sonra Azərbaycan Respublikası müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli maraqları qorumağa yönəldilmişdir. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq normaları və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur. Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin üzvü, GUAM-ın, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının təsisçilərindən biridir.
Azərbaycan Respublikası çoxsahəli sənayeyə və kənd təsərrüfatına, geniş nəqliyyat şəbəkəsinə, inkişaf etmiş elmə, qədim və zəngin mədəniyyətə malikdir. Ağır sənaye sahələri üstünlük təşkil edir. Neft və qazçıxarma, neft-kimya, maşınqayırma, metallurgiya, yeyinti, tikinti materialları sənayesi, yüngül sənaye və s. inkişaf etmişdir. Kənd təsərrüfatı əsasən, pambıqçılıq, üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, meyvəçilik üzrə ixtisaslaşmışdır. Yük və sərnişin daşınmasında dəmir yolu, avtomobil, dəniz və hava yolları nəqliyyatından istifadə edilir.
|