Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladılar.
Qarşılanma mərasimindən sonra birgə foto çəkdirildi.
Azərbaycan Prezidenti İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli BMT-nin Baş katibi.
Hörmətli dövlət və hökumət başçıları.
Xanımlar və cənablar.
Mən sizin hamınızı Azərbaycanda salamlayıram.
Qonaqlarımızın çoxu Azərbaycana ilk dəfədir ki, səfər edir. Ümid edirəm ki, onların ölkəmizlə daha yaxından tanış olmaq, onun tarixini, ənənələrini və mədəniyyətini öyrənmək imkanı olacaqdır.
Mən COP29-a aparan yolda Azərbaycana verdiyi dəstəyə görə BMT-nin Baş katibi cənab Antonio Quterreşə və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təşəkkürümü bildirmək istərdim. Mən Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti, əziz qardaşım Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı və onun bütün komandasını Dubayda COP28-də əldə olunmuş tarixi konsensus münasibətilə təbrik edirəm və Bakıda COP29 üçün hazırlıqlarda verdikləri dəstəyə görə minnətdaram.
Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük.