İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib

Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Əvvəlcə birgə foto çəkdirildi.

Tədbirin moderatoru, ABŞ-ın Corc Meyson Universitetinin Sülh və Münaqişələrin Həlli üzrə Cimmi və Rozalin Karter Məktəbinin dekanı, professor Alpaslan Özerdem dedi:

- Zati-aliləri Prezident İlham Əliyev.

Hörmətli qonaqlar, dini nümayəndələr, xanımlar və cənablar.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xoş gəlmisiniz.

Bakıda toplaşdığımız zaman biz sərhədləri aşan, məfkurələri keçən dərin çağırışlarla və fürsətlərlə səciyyələnən qlobal durumun şahidiyik. Bəşəriyyət iqlim dəyişmələri, pandemiya, terrorçuluq, kiber təhlükələr və geosiyasi gərginlik kimi mürəkkəb məsələlərlə üzləşir. Əlbəttə ki, biz münaqişələri həll etməli və sülhü qurmalıyıq. 2011-ci ildə başladıqdan sonra məhz “Bakı Prosesi” bu məqsədi vacib tutub. Bu gün “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda Forumda əməkdaşlıq formalarını, rəhbərlik üsullarını müzakirə edəcəyik.

Xanımlar və cənablar.

Bu gün nümayəndələrimizə söz verməzdən öncə qısa videoçarxa baxacağıq. Orada “Bakı Prosesi” təsvir olunacaq.