AZ RU
Azərbaycanda din

Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Karvan yollarının üstündə yerləşərək “Böyük İpək yolu”nun mühüm mərkəzlərindən biri olmuş Azərbaycan müxtəlif mədəniyyətlərin və dinlərin təsirinə məruz qalmış, müxtəlif siyasi baxışların, iqtisadi münasibətlərin, dövlətçilik formalarının təsirini öz üzərində hiss etmişdir. Məhz bunun nəticəsində tarixən Azərbaycanda müxtəlif dinlərə münasibətdə yüksək tolerantlıq və dözümlülük mühiti yaranmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, zəngin mədəniyyətimizin formalaşmasına müxtəlif mərhələlərdə öz təsirini göstərmişdir.

Bu gün Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən hər bir şəxs vicdan azadlığı hüququna malikdir və hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu (1992) hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır.

Tolerantlıq ənənələrinin qorunmasına xüsusi önəm verən Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsini həyata keçirir. 2006-2007-ci illər ərzində layihə çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Möhsün Səlim, Gəncədə Həzrəti Zeynəb, Buzovnada Cümə məscidləri, Bakıda pravoslav kilsəsi bərpa edilmişdir.

2007-ci ilin mayında Heydər Əliyev Fondu Beynəlxalq “Or-Avner” Fondu ilə birlikdə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik Təhsil Mərkəzinin binasının təməlini qoymuşdur. 2008-ci ilin sentyabrında Heydər Əliyev Fondu və Azərbaycanın katolik icması arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Sənəd Azərbaycanda yaşayan xalqların etnomədəni komponentlərinin inkişafına və digər inkişaf və bərpa sahələrinə yönəlmiş layihələrin reallaşdırılmasını nəzərdə tutur. Beləliklə, Azərbaycan bir çox millətlərin və konfessiyaların birgə əmin-amanlıq şəraitində yaşadıqları unikal yerdir və bu ənənələrin tarixi kökləri var.

Bakıda hava:
20°
2017-10-23
Azərbaycan:


Baku journal


Bütün hüquqlar qorunur.