AZ RU
Əhali

2009-cu il yanvarın 1-nə olan məlumata görə, Azərbaycan Respublikasının əhalisi 8730 min nəfərdir. Ölkənin əsas əhalisini – 90,6 faizini azərbaycanlılar təşkil edir (1999). Respublikada ləzgilər, ruslar, talışlar, yəhudilər və başqa millətlərin nümayəndələri də yaşayır.

Azərbaycan xalqı Azərbaycan Respublikasının (Şimali Azərbaycan) və Cənubi Azərbaycanın (İran İslam Respublikasının şimal-qərb əyalətləri) əsas və ən qədim yerli əhalisidir. Azərbaycanlılar Avropoid irqinin kaspi tipinə aid olunurlar. Kaspi tipinə aid ən qədim antropoloji tapıntılar Qobustanda Mezolit (orta Daş) dövrünə aid qəbirlərin arxeoloji qazıntısı zamanı aşkar edilmişdir. Bu tapıntılar azərbaycanlıların əcdadlarının burada köklü sakin olduqlarını bir daha sübut edir.

Azərbaycanlılar Altay dilləri ailəsinin türk qrupunun oğuz qoluna mənsub olan Azərbaycan dilində danışırlar. Müsəlmandırlar.

Azərbaycanlılar Anadolu türklərindən sonra dünyanın sayca ikinci böyük türk xalqıdır. Müxtəlif tarixi dövrlərdə türk, Azərbaycan türkləri və ya Qafqaz tatarları, azəri tatarları da adlandırılmışlar. Cənubi Azərbaycanda və İranın başqa bölgələrində yaşayan azərbaycanlılar indi də özlərini türk adlandırırlar.

Azərbaycanlıların vahid xalq kimi formalaşması prosesi şimaldan Baş Qafqaz dağları, cənubdan Sultaniyyə - Zəncan - Həmədan hüdudları, qərbdən Şərqi Anadolu və Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi, şərqdən isə Xəzər dənizi ilə əhatə olunan tarixi Azərbaycan torpaqlarında baş vermişdir.

Azərbaycan ərazisi, bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Qarabağda Azıx mağarasının arxeoloji tədqiqi Azərbaycanda insan tarixinin 2 milyon ilə yaxın olduğunu sübut etmişdir. 350-400 min il bundan əvvəl yaşamış Aşöl dövrünə aid qədim insanın (Azıx adamı və ya azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi «Avropanın ən qədim sakinləri» xəritəsinə daxil edilmişdir. Azərbaycanın əhalisi hələ qədim Daş dövründən (Paleolit) başlayaraq yüksək mədəniyyət yaratmışdır. Orta Daş dövrü (Mezolit) və yeni Daş dövrlərində (Neolit) Azərbaycan əhalisi artıq oturaq həyata keçmiş, əkinçilik, maldarlıq, müxtəlif sənət növləri ilə məşğul olmağa başlamışdır. Arxeoloji qazıntılar zamanı Şimali və Cənubi Azərbaycanda əldə edilmiş tapıntılar azərbaycanlıların dünyanın ən qədim oturaq mədəniyyət yaratmış xalqlarından biri olduğunu göstərir.

Bizim eranın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkkülü prosesində mühüm rol oynayırdılar. Azərbaycanın türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər.

Başqa xalqlar və etnik qruplardan fərqli olaraq, türk tayfaları Azərbaycanın bütün ərazisinə - həm şimalına, həm də cənubuna yayılmışdılar və çoxluq təşkil edirdilər. Buna görə də türk dili Azərbaycan ərazisində yaşayan azsaylı xalqlar və etnik qruplar arasında başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi. Türk dili, həm də, Azərbaycanın şimal və cənub torpaqları arasında da birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı.

VII əsrdə Azərbaycanda İslam dininin qəbul olunması vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi. Türk və qeyri-türk etnosları arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu.

Azərbaycan ərazisinin Avropanı Asiya ilə, Rusiyanı Yaxın və Orta Şərqlə əlaqələndirən çox mühüm hərbi-strateji mövqedə yerləşməsi, zəngin yeraltı və yerüstü sərvətlərə malik olması Azərbaycan xalqının tarixi müqəddəratında dərin iz buraxmışdır.

Hazırda azərbaycanlılar doğma vətənləri olan Azərbaycan Respublikası (Şimali Azərbaycan) və Cənubi Azərbaycanla yanaşı, aborigen əhali kimi toplu halda, ən qədim zamanlardan başlayaraq İranın müxtəlif bölgələrində, İraq, Şərqi Anadolu, Gürcüstan (əsasən ölkənin cənub-şərqindəki tarixi Borçalı mahalı ərazisində), Dağıstan və başqa yerlərdə də yaşayırlar.

XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazda apardığı işğalçılıq müharibələri və müstəmləkəçilik siyasəti nəticəsində azərbaycanlılar öz ata-baba torpaqlarından – Türkiyə və İran ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarından zorla sürgün olunmuş, həmin ərazidə 1828-ci ildə «Erməni vilayəti», 1918-ci ildə isə erməni dövləti yaradılmışdır.

Müxtəlif tarixi dövrlərdə doğma Vətəndən didərgin salınmış azərbaycanlılar dünyanın bir çox ölkələrində də yaşayırlar. Avropa, Asiya və Amerika ölkələrində çoxsaylı Azərbaycan diasporları var.

Azərbaycanlıların sayı təqribən 50 milyondur: o cümlədən Azərbaycan Respublikasında 8,73 milyon, Cənubi Azərbaycanda və İranın digər bölgələrində təqribən 35 milyon.

Bakıda hava:
20°
2017-10-23
Azərbaycan:


Baku journal


Bütün hüquqlar qorunur.